İtaliya çempionatının 6-cı turunda “İnter” doğma meydanda “Sassuolo” ilə üz-üzə gəlib.   İlk hissəyə əlavə olunan vaxtda Denzel Dumfris Milan təmsilçisini önə çıxarıb. Lakin 2-ci bölümdə azarkeşlər “İnter”in asanlıqla qələbə qazanacağını düşünsə də fərqli ssenari reallaşıb. Qonaq komanda Nedim Bayrami və Domeniko Berardinin qolları ilə qələbə qazanıblar. Mövsümdə ilk dəfə uduzan “İnter” 15 xalla liderliyini davam etdirir. Sassuolo isə 9 xalla 8-ci sırada yer alıb.

“Milan” səfərdə “Kalyari” ilə qarşılaşıb. 29-cu dəqiqədə meydan sahibləri hesabı açıblar. Zito Luvumbu fərqlənib. Milan futbolçuları fasilə ərəfəsində 2 qol vurmaqla dönüş ediblər. Noa Okafor və Fikayo Tomori diqqət mərkəzinə düşüb. 60-cı dəqiqədə isə Ruben Loftus-Çik oyunda son nöqtəni qoyub: “Kalyari”- “Milan” 1-3. “İnter”lə bərabər sayda xal toplayan “Milan” yalnız qol fərqində geri qalır. “Kalyari” isə autsayderdir

Turun digər matçında “Napoli” “Udineze”ni 4:1 hesabilə məğlub edib. Neapol klubunun qollarını Piotr Zelinski, Viktor Osimhen, Xviça Kvaratsxelia və Covanni Simyone vurublar. Qonaqların heyətində isə Lazar Samarciç fərqlənib.  11 xal toplayan “Napoli” “Leççe” ilə birgə 5, 6-cı pillələri bölüşür.